Böyük şairin həqiqəti

Dünyada tanınan Azərbaycan
şairi İmadəddin Nəsimi bildiyimiz kimi, Tanrının varlığını əsla şübhə altına
almayan böyük şair, şəxsiyyət idi. Onun
şeirlərində hətta Qurana müraciət də diqqətəlayiq dərəcədə çoxdur:
Ey cəmalın Qul huvəllahu əhəd.
Surətin yazısı Allahus Saməd.
Bir ucu zülfünün əzəl, biri əbəd.
Hüsnünə şeytanmış mən lə səcəd.
Bu şeirdə Nəsimi Adəm övladını
Allahın nişanəsi bilir və şeytanı insana səcdə etməməsinə görə Allahın əmrindən
çıxmış hesab edir.
Buna baxmayaraq, 1973-cü ildə-Sovet dönəmində çəkilən “Nəsimi”
filmində şairi bizə Allahı inkar edən biri kimi təqdim etmişlər. Filmdə İnsan
özü Xaliqdir, amma cəhalət üzündən çoxlarının bunu bilmədiyi və xilas yolunun
Allaha deyil də, insana etiqad etməkdə olduğu kimi fikirlər Nəsiminin dilindən
verilmişdir. Çünki şəxsiyyətə pərəstiş dövründə partiya rəhbərlərini kənara
qoyub Allaha sitayiş etmək az qala cinayət sayılırdı. Ancaq şair “Ənəlhəqq”
dedikdə özünü Allah deyil, yaradanın nişanəsi kimi görür. “Ənəlhəqq”məfhumunu
başa düşməyənləri Nəsimi qəflətdə olduqlarına görə qınayır, onların yəqin əhli
olmadıqlarından, həmişə güman əhli olduqlarından bu məsələdə çaşıb qaldıqlarını
bildirir. Nəsimi insanın, aləmin İlahi bir nişanə olduğunu məharətlə şeirlərində
tərənnüm etmişdir:
Qeyb və gümandan özgə ey zahid
urma dəm ki,
Həqqülyəqin buldum, tərk eylədim
gümanı.
Mənsur ənəlhəqq aydır, yəni ki, həqq
mənəm, həqq,
Həqq çun əyanmış, gör, kim görmüyə
əyanı.
Bundan əlavə, həmin dövrdə İ. Nəsiminin
tanınmasına, təbliğ olunmasına imkan yaradılmırdı. Hələ senzuranın tüğyan
etdiyi dönəmdə “Nəsimi” filminin heyyəti çəkilişlərin icazəsi üçün Moskvaya
yollanır. Filmdə rol alan Əbdül Mahmudovun danışdıqlarından bizə məlum olur ki,
filmin ssenarisi rus yazıçısı, publisisti və jurnalisti Konstantin Simonova təqdim olunub.
Onu da qeyd edək ki, Simonov, Sosialist
Əməyi Qəhrəmanı (1974), Lenin mükafatı və 6 dəfə SSRİ Dövlət mükafatı laureatı
olub. 1942-ci il, yanvarın 14-də dərc edilən “Gözlə məni” şeirinin təsirli əks
- sədaları ayrı-ayrı xalqların, o cümlədən,
Azərbaycan ədəbiyyatında da eşidildi. Həmin rus yazıçısı, günlərlə dayanmadan Nəsiminin
yaradıcılığı ilə tanış olur və araşdırmalarının sonunda bizi tənqid atəşinə
tutur. ”Nə üçün siz Nəsimi kimi böyük şairi dünya ədəbiyyatına çıxarmamısız?!
Ya başa düşmürsüz,ya da sizdə belə şairlər o qədər çoxdur ki, adiləşib” deyə öz
fikirlərini ifadə etmişdir. Mütləqdir ki, onun düşüncəslərində həqiqət var idi,
lakin həmin dövrdə Nəsimi kimi böyük şairi olduğu kimi təqdim etmək
qeyri-mümkün məsələ idi. Digər tərəfdən də Nəsimi Ürfan məktəbinə həm nəzəri cəhətdən,
həm də praktiki cəhətdən müraciət edirdi. Elə buna görə də onu çox vaxt başa
düşmürdülər. Ürfan nəzəriyyəsində Seyri-süluk yolunda arifcəsinə irəliləyən
salik hara baxarsa, İlahi təcəllanı görür və bu baxımdan dönüb özünə baxdıqda
İlahi nişanə adlandırır özünü:
Həqq Təala Adəm oğlu özüdür,
Otuz iki Həqq kəlamı sözüdür.
Cümlə aləm bil ki, Allah özüdür,
Adəm ol candır ki, günəş yüzüdür.
Bütün bunları nəzərə alsaq məlum
olur ki, Sovet dövrü vaxtilə mənəviyyatımıza
vurulan ən böyük ziyanlara səbəb olmuşdur. Gənc nəslin də Nəsimi yaradıcılığını
lazımınca dəyərləndirməməsinin əsas səbəblərindən biri də elə həmin dönəmdə
insanların şairi fərqli mövqedən tanıması ilə bağlıdır. Məhz buna görə bu gün də
insanı yer üzünün əşrəfi sayan Nəsimi yaradıcılığı təsdiqini tapmaq üçün öz tədqiqatçılarını
gözləyir.
Günel İlqar, II
kurs tələbəsi
Yorumlar
Yorum Gönder