Böyük şairin həqiqəti

     “Ehh hanı o Sovet dövrü?!” ifadəsini yaşlı nəslin dilindən hamımızın eşitdiyini rahatlıqla deyə bilərik. Bəli, etiraf edim ki, bir gənc olaraq zaman-zaman Sovet cəmiyyətinə paxıllığım tutur. Canlı ünsiyyətə daha çox üstünlük verilməsi, insanların daha mehriban olması, vaxtlarını daha səmərəli keçirməsi həmin dövrün reallığı idi. Lakin bir azərbaycanlı kimi isə 1991-ci il oktyabr ayının 18-də əldə olunan müstəqilliyimiz heç nə ilə müqayisə edilməz. Əlbəttə ki, bütün ölkələrin inkişafının hər bir mərhələsində müəyyən çətinliklər mövcud olur, insanları ümumilikdə bir xalq edən də elə həmin çətinliklərin öhdəsindən birlikdə gəlmələridir. Lakin tabelikdə olan dövlətin taleyi daha acı və dözülməzdir. 1920 – ci il də müstəqilliyimizə son qoyan və 1991 – ci ilədək Azərbaycanı əsarətində saxlayan Sovet dönəminin bir sıra müsbət cəhətlərini inkar etmək olmaz, amma bu dövrün dərinliyinə endikdə heç də xoşagələn məsələlərlə qarşılaşmadım. Həmin mövzulardan biri də “ Məndə sığar iki cahan, mən bu cahana sığmazam”, “ Üzünü məndən nihan etmək dilərsən, etməgil” kimi məşhur misraların müəllifi İmadəddin Nəsimi ilə bağlıdır.
   Dünyada tanınan Azərbaycan şairi İmadəddin Nəsimi bildiyimiz kimi, Tanrının varlığını əsla şübhə altına almayan böyük şair, şəxsiyyət idi.  Onun şeirlərində hətta Qurana müraciət də diqqətəlayiq dərəcədə çoxdur:
Ey cəmalın Qul huvəllahu əhəd.
Surətin yazısı Allahus Saməd.
Bir ucu zülfünün əzəl, biri əbəd.
Hüsnünə şeytanmış  mən lə səcəd.
Bu şeirdə Nəsimi Adəm övladını Allahın nişanəsi bilir və şeytanı insana səcdə etməməsinə görə Allahın əmrindən çıxmış hesab edir.
Buna baxmayaraq,  1973-cü ildə-Sovet dönəmində çəkilən “Nəsimi” filmində şairi bizə Allahı inkar edən biri kimi təqdim etmişlər. Filmdə İnsan özü Xaliqdir, amma cəhalət üzündən çoxlarının bunu bilmədiyi və xilas yolunun Allaha deyil də, insana etiqad etməkdə olduğu kimi fikirlər Nəsiminin dilindən verilmişdir. Çünki şəxsiyyətə pərəstiş dövründə partiya rəhbərlərini kənara qoyub Allaha sitayiş etmək az qala cinayət sayılırdı. Ancaq şair “Ənəlhəqq” dedikdə özünü Allah deyil, yaradanın nişanəsi kimi görür. “Ənəlhəqq”məfhumunu başa düşməyənləri Nəsimi qəflətdə olduqlarına görə qınayır, onların yəqin əhli olmadıqlarından, həmişə güman əhli olduqlarından bu məsələdə çaşıb qaldıqlarını bildirir. Nəsimi insanın, aləmin İlahi bir nişanə olduğunu məharətlə şeirlərində tərənnüm etmişdir:
Qeyb və gümandan özgə ey zahid urma dəm ki,
Həqqülyəqin buldum, tərk eylədim gümanı.
Mənsur ənəlhəqq aydır, yəni ki, həqq mənəm, həqq,
Həqq çun əyanmış, gör, kim görmüyə əyanı.
Bundan əlavə, həmin dövrdə İ. Nəsiminin tanınmasına, təbliğ olunmasına imkan yaradılmırdı. Hələ senzuranın tüğyan etdiyi dönəmdə “Nəsimi” filminin heyyəti çəkilişlərin icazəsi üçün Moskvaya yollanır. Filmdə rol alan Əbdül Mahmudovun danışdıqlarından bizə məlum olur ki, filmin ssenarisi rus yazıçısı, publisisti və  jurnalisti Konstantin Simonova təqdim olunub. Onu da qeyd edək ki, Simonov,  Sosialist Əməyi Qəhrəmanı (1974), Lenin mükafatı və 6 dəfə SSRİ Dövlət mükafatı laureatı olub. 1942-ci il, yanvarın 14-də dərc edilən “Gözlə məni” şeirinin təsirli əks - sədaları  ayrı-ayrı xalqların, o cümlədən, Azərbaycan ədəbiyyatında da eşidildi. Həmin rus yazıçısı, günlərlə dayanmadan Nəsiminin yaradıcılığı ilə tanış olur və araşdırmalarının sonunda bizi tənqid atəşinə tutur. ”Nə üçün siz Nəsimi kimi böyük şairi dünya ədəbiyyatına çıxarmamısız?! Ya başa düşmürsüz,ya da sizdə belə şairlər o qədər çoxdur ki, adiləşib” deyə öz fikirlərini ifadə etmişdir. Mütləqdir ki, onun düşüncəslərində həqiqət var idi, lakin həmin dövrdə Nəsimi kimi böyük şairi olduğu kimi təqdim etmək qeyri-mümkün məsələ idi. Digər tərəfdən də Nəsimi Ürfan məktəbinə həm nəzəri cəhətdən, həm də praktiki cəhətdən müraciət edirdi. Elə buna görə də onu çox vaxt başa düşmürdülər.  Ürfan nəzəriyyəsində  Seyri-süluk yolunda arifcəsinə irəliləyən salik hara baxarsa, İlahi təcəllanı görür və bu baxımdan dönüb özünə baxdıqda İlahi nişanə adlandırır özünü:
Həqq Təala Adəm oğlu özüdür,
Otuz iki Həqq kəlamı sözüdür.
Cümlə aləm bil ki, Allah özüdür,
Adəm ol candır ki, günəş yüzüdür.

Bütün bunları nəzərə alsaq məlum olur ki, Sovet dövrü  vaxtilə mənəviyyatımıza vurulan ən böyük ziyanlara səbəb olmuşdur. Gənc nəslin də Nəsimi yaradıcılığını lazımınca dəyərləndirməməsinin əsas səbəblərindən biri də elə həmin dönəmdə insanların şairi fərqli mövqedən tanıması ilə bağlıdır. Məhz buna görə bu gün də insanı yer üzünün əşrəfi sayan Nəsimi yaradıcılığı təsdiqini tapmaq üçün öz tədqiqatçılarını gözləyir.                                                                                            

                                                                                             Günel İlqar, II kurs tələbəsi

Yorumlar

Bu blogdaki popüler yayınlar

Əbədi ayrılığın misraları